AZE | RUS | ENG |


İşdən yox, işsizlikdən yorulan uğurlu adam -“Uğurlu adamın bir günü”

İşdən yox, işsizlikdən yorulan uğurlu adam -“Uğurlu adamın bir günü”
Şəms Mustafayeva: “Cəmiyyətə yararlı ola bilirəmsə, bu, mənim ən böyük istirahətimdir”

Zaman öz atını biz təsəvvür etdiyimizdən də sürətlə çapır. Elə buna görə də günün haradan gəlib, haraya getdiyini çox vaxt bilmirik. Bu səbəbdən də, "Bu gün bizə nə verdi, nə itirdik, nə qazandıq, harada səhv etdik” kimi məsələlər bəzən bizi maraqlandırmır. Bəlkə də bunu düşünmək üçün vaxt tapmırıq. Amma sadaladıqlarım uğurlu insanların ən çox diqqət etdiyi məqamlardır.
Onlar zamanın su kimi axıb getməsinə imkan vermirlər. Hər saniyədən nəsə qazanmağa, yeni bir şey öyrənməyə çalışırlar.
Araşdırmalar da göstərir ki, uğur qazanmaq üçün zamana yanaşmadan çox şey asılıdır.
Məhz, yenicə başlatdığımız "Uğurlu insanın bir günü”ndə "Uğur hekayəsi” rubrikamızın qəhrəmanlarının zamana yanaşması ilə tanış olacağıq. Görək, uğurlu hesab olunan gənclər bir günlərini necə keçirirlər?
"Uğurlu gəncin bir günü” rubrikamızın ilk qonağı beynəlxalq ekspert, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında Strateji İnkişaf Komitəsinin sədri, beynəlxalq əlaqələr üzrə müşavir Şəms Mustafayevadır.  
Hər birimiz üçün gün səhər yuxudan oyanmaqla başlayır. Alimlər düşünür ki, bir insanın 24 saat ərzində yatdığı müddət onun karyerasına birbaşa təsir edir. Yuxu istər uğurlu, istərsə də uğursuz insanın həyatının ən vacib hissəsidir. Amma yuxunun müddəti karyera yolumuzda bizi uğurlu və ya uğursuz edə bilir.
 
"Günün ən vacib, ilhamverici və yaradıcı hissəsi”
 
Qəhrəmanımız üçün gün səhər saat 6-da başlayır. Çünki insanların yuxudan ayılmasına qədər davam edən bu sakitlik çağı günün ən vacib, ilhamverici və yaradıcı hissəsidir: "Çox yatan insan həm günün böyük hissəsini qaçırır, həm də yuxu nizamını pozur. Günə mütləq idmanla başlayıram. Erkən oyanmaq və idman artıq həyatımda vərdişə çevrilib. Saat 10-un yarısı ofisdə oluram. Amma iş rejimim gərgin olduğu üçün gündəlik mənə mane ola biləcək işləri mütləq səhər evdə edirəm”.
 
"Onu etməsəm, unudar və çatdırmaram”
 
Müsahibimiz üçün istirahət anlayışı yoxdur. Deyir ki, yalnız çalışarkən dincəlir. İş otağına birlikdə daxil oluruq. Kompyuterini açır və  maillərini yoxlamağa başlayır. Paralel olaraq qarşısındakı vərəqi nəzərdən keçirir. Məlum olur ki,  həmsöhbətimiz bu gün görəcəyi işləri sıra nömrələri ilə həmin vərəqə qeyd edib, masasında saxlayır: "Görəcəyim bütün işləri cədvələ yazıram, onu etməsəm, unudar və çatdırmaram. Müşavirlik elə bir işdir ki, istəsən, rahat cədvəlin ola bilər. Amma mən hamı kimi 8-9 saat işlədikdən sonra həftəsonu da işləyirəm. Mənim üçün istirahət deyilən anlayış yoxdur. Ancaq işləyəndən sonra istirahət edə bilirəm. Çalışmaqdan, işləməkdən yorulmuram və bu, mənə zövq verir. Günüm gərgin keçir. Akademiyanın beynəlxalq əlaqələrinə cavabdehəm. Bununla yanaşı, yeni tələbələrin, müəllim heyətinin cəlbi ilə məşğulam. Boş vaxtım olan kimi təlimlərimlə maraqlanıram. İş saatı bitdikdən sonra səfirliklərlə işlə bağlı müəyyən görüşlər keçirirəm. Həftə sonlarım isə adətən qadınlarla bağlı təlimlərə həsr edilir”.
 
"Kiminsə problemini tez həll edə bilirəmsə, bu ən böyük qidamdır”
 
Ofisdə lazım olan işləri gördükdən sonra saat 12-də Şəms xanımın Milli Olimpiya Komitəsində görüşü var. Onunla birlikdə (qaçaraq) görüşə yollanırıq. Köln Alman İdman Universitetinin professoru Manfred Laemmar ilə universitetlərarası əməkdaşlıq barədə danışırlar. 1 saat davam edən görüşdən sonra yenidən ofisə yollanırıq.
Nahar fasiləsi olduğu üçün bütün işçilər nahara gedir. Həmsöhbətimizin isə bu gün yemək yeməyə vaxtı yoxdur. İş yoldaşları "atışdırması” üçün ona "tvaroq” alıb gətirirlər: "İşlərimi planlaşdırsam da, hər vaxt gözlənilməyən işlərim çıxır. Buna görə əlavə işlərə də vaxt edirəm. 8 saatın 4 saatı təsadüfi çıxan işlərə sərf olunur. Əgər kiminsə problemini tez həll edə bilirəmsə, bu, ən böyük qidamdır. Hər işi operativ həll etməyin tərəfdarıyam. Qaçaqaçda olmağı normal qəbul edirəm”.
Bu günün təsadüfi işlərindən biri də Sheffild Hallam Universitetinin professoru, magistr proqramlarının rəhbəri David Binney ilə "Skype” görüşüdür. Həmsöhbətimiz Skypda birgə reallaşdırdıqları proqramların gələcək perspektivlərini müzakirə edir.
 
"Ən böyük istirahətim cəmiyyətə yararlı olmaqdır”
 
İş vaxtının bitməsinə bir saat qalmış, Şəms xanımla söhbətləşirik. Deyir ki, boş vaxtını əsasən qadınların inkişafı ilə bağlı layihələrə həsr edir: "Mən rayonda böyümüşəm. Rayonda böyüyən bir qızın xaricdə oxuması, karyera qurması çox çətin proseslərdən sonra baş verib. Kifayət qədər mühafizəkar ailədə olduğum üçün bu çətinliklərin hamısını yaşamışam. Məqsədim odur ki, gənc nəsil əziyyətli yol keçməsin. Qadınların karyerası bu qədər əziyyət bahasına başa gəlməməlidir. Biz demokratik ölkənin vətəndaşlarıyıq. Azərbaycan qanunvericiliyində qadınların bütün hüquqları qorunur. Lakin qadınlar üçün eyni imkanlar yoxdur. Vəzifədə olanların əksəriyyəti kişidir və bizim səsimiz eşidilmir. Cəmiyyətimizin çox gözəl, bacarıqlı hissəsi daim sıxıntı altındadır. Ölkənin gələcəyi üçün onlar da kişilərlə bərabər işləməlidir. Təəssüf ki, qadınlara qarşı çox zorakılıq görürəm. Mənə görə bir zorakılıq olsa belə, bu, çoxdur. Əgər mənim 16 saat keçdiyim təlimlərdən sonra bir qız uşağının gözündən yaş gəlməsə, bu, 16 saata dəyər. Cəmiyyəti humanistləşdirmək lazımdır. Cəmiyyətdən qadınlara üstünlük verilməsini, onlara əlahiddə haqlar verilməsini tələb etmirəm. Sadəcə, arzuları varsa, arxasınca getsinlər. Ailədə həm oğlan, həm qız övladı varsa, valideynlər birinci oğlana dayaq dururlar və "sən bacararsan” deyirlər. Əgər valideynlər qıza deyirlərsə ki, "sən qızsan, evdən məktəbə, məktəbdən evə gələ bilməzsən”, bu qızın hansı lider özgüvəni ola bilər? Halbuki biz həmişə oğlanlara sən ağıllısan, bacarıqlısan deyirik. Sənə hər şey olar, sən oğlansan, amma sən qızsan, ehtiyatlı ol. Cəmiyyətin də qıza, qadına münasibəti budur. Qızları qorxu içində böyüdürük. Sonra onlardan liderlik istəyirik. Çox dözümlü, qətiyyətli olmalısan, genində nəsə olmalıdır ki, bütün bu əziyyətlərə baxmayaraq, yenə də özünə inanasan və "mən lider ola bilərəm” deyə biləsən. Əgər cəmiyyətə yararlı ola bilirəmsə, bu, mənim ən böyük istirahətimdir”.
 
"Sizin gəncləri işindən küsdürməyə haqqınız yoxdur”
 
Həmsöhbətimiz çox pozitivdir. Hətta iş yoldaşları belə, onun əsəbiləşə biləcəyini düşünmürlər. Özü də etiraf edir ki, işini sevdiyi və zövq aldığı üçün işdə özünü xoşbəxt hiss edir. Lakin hər bir insan kimi bəzən onun da motivasiyası düşür və özünü tükənmiş hesab edir: "Mən heç vaxt fiziki yorulmuram. Amma insanın insana kobud rəftarı, aşağılaması məni mənəvi çökdürür. Xüsusilə də iş mühitində gənclərə kobud rəftar, aşağıdan yuxarı baxılmasını qəbul edə bilmirəm. Hər bir insanın motivasiyaya ehtiyacı var. Belə hallarla rastlaşanda özümü yararsız hiss edirəm. Düşünürəm ki, bu qədər iş görürəm amma yenə faydası yoxdur. Heç kimə başqasını işdən küsdürməyə, həvəsdən salmağa hər hansı bir haqq verilməyib. Bu məsələdə çox həssasam.

 
"İnternetin vaxtımızı almasına icazə verməməliyik”
 
Artıq iş saatının bitməsinə dəqiqələr qalıb. Diqqət etdiyim bir məqam isə Şəms xanımın gün ərzində sosial şəbəkələrdən istifadə etməməsi olub. Maraqlıdır, uğurlu insanlar sosial şəbəkələrdən istifadə etmirlərmi: "Sosial şəbəkələrdən ancaq iş üçün istifadə edirəm. Çalışıram ki, kifayət qədər uzaq olum. Çünki vaxtımı çox alır, diqqətim yayınır. Mümkün qədər internetin vaxtımızı oğurlamasına icazə verməməliyik. Amma axşamlar internetdən 2-3 komediya şousu izləməyə çalışıram. Bu, mənim əhvalıma yaxşı təsir edir. İnternetin vaxtımızı çox almasına, bizi real həyatdan ayırmasına icazə verməməliyik”.

 
"Ruhumu qidalandırıram”

İşdən sonrakı vaxtını isə incəsənətə həsr edir: "Son vaxtlar çalışıram kinoya baxım. Axşamlar çox vaxt rəsmi dəvətlərə gedirəm. Görüşlərimin hamısını axşam işdən sonra edirəm. Teatrı, kinonu çox sevirəm. İşdən sonra dincəlmək hamıya lazımdır. Çünki fikrimizi yayındırmasaq məhsuldar ola bilmərik. Mən də fikrimi incəsənətlə yayındırır, ruhumu qidalandırıram. Bəzən mənə çox işləməyimi irad tuturlar, amma belə yaşamağa öyrəşmişəm. İşdən yox, işsizlikdən yoruluram. Bu, mənə normal gəlir və xoşbəxt edir. Mən bu işi sevib, seçmişəmsə, hər günü dəyərləndirmək lazımdır. "Çox iºləyirəm”, "işim ağırdır”, "ən çətin işi mən gördüm” kimi sözləri demək məntiqsizdir. Məqsəd millətə xidmət etmək, ölkəmin daha yaxşı olmasına çalışmaqdırsa, işdən şikayətlənməməliyik”.
 
Aygün ƏZİZ





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001